TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN NİTQİ
- Çox hörmətli Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Əvvəlcə, Azərbaycana bu rəsmi səfərə gəldiyimiz andan indiyə qədər bizə göstərilən qonaqsevərliyə, qonaqpərvərliyə görə öz adımdan və nümayəndə heyəti adından ən səmimi təşəkkürümü bildirmək istəyirəm.
Hazırda biz öz evimizdəyik. Gəldiyimiz andan bəri bunun incəliyini, nəzakətini hiss edirik, bunu hamımız görürük. İstər Cümhurbaşqanı ilə təkbətək görüşdə, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşümüzdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə bundan sonra da davam edəcək inkişafı, atılacaq addımları eninə-uzununa müzakirə etmək fürsəti qazandıq. Məsələlərə regional baxımdan yanaşdıq. Daha da inkişaf üçün, sərmayələr qoymaq üçün qarşılıqlı surətdə nə işlər görə bilərik, hansı addımları ata bilərik kimi məsələləri müzakirə etdik. İnanıram ki, bundan sonrakı dövr daha fərqli surətdə inkişaf edəcək bir dövrdür.
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti inşa olunacaqdır. Bu il oktyabrın 27-də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə axacaq ilk neft Ceyhanda tankerlərə yüklənəcəkdir. Bununla da Azərbaycan, Gürcüstan və Türkiyə ciddi bir enerji dəhlizini reallaşdıracaqdır. Daha sonra təbii qaz xətti yenə eyni şəkildə bu enerji dəhlizini reallaşdıracaqdır. Hələ biz buna elektrik enerjisini əlavə etdiyimiz zaman, inanıram ki, bu dəhliz çox fərqli, güclü hala gələcəkdir. Biz bunu həyata keçirmək iqtidarındayıq. Belə bir siyasi iradə hər iki tərəfdə vardır və bunu bacarmağımız üçün özümüzdəki iradəni görürük. Bunları gerçəkləşdirməyə borcluyuq. İstər Azərbaycan, istərsə də Türkiyə bu işləri qardaşlığa lazım olduğu üçün yerinə yetirmək əzmindədir.
Bu gün iş adamlarımızla birgə toplantı keçirdik. Orada da bu məsələlər barədə fikir mübadiləsi apardıq. Azərbaycanda, Türkiyədə müştərək formada bəzi sahələrə sərmayələr qoymaq məqsədi ilə, üçüncü ölkələrə də sərmayə qoymaq üçün aramızda mövcud olan siyasi birliyimizlə yanaşı, iqtisadi birliyimizi də göstərən addımları atmaq istəyirik. Türkiyə-Azərbaycan Ticarət Palatasını yaratmaq fikrindəyik. Hörmətli Cümhurbaşqanımızın da buna müsbət münasibətini müşahidə etdik. Hökumətlər arasında müştərək iqtisadi əməkdaşlıq komissiyası fəaliyyət göstərir. Amma özəl sektor üzrə də bir qurum işləsə, inanıram ki, bu inkişafı sürətləndirəcək, gücləndirəcəkdir. Biz bunu müxtəlif ölkələrlə həyata keçiririk. İngiltərə ilə Türkiyə, Almaniya ilə Türkiyə arasında belə palatalar var. Qardaşımız Azərbaycanla Türkiyə arasında nə üçün olmasın? Bu günə qədər olmaması gecikməyimizin ifadəsidir. Bunu reallaşdırmaq əzmində olmağımıza inanırıq.
Digər bir mühüm addım xüsusilə beynəlxalq terrorizmə qarşı birgə mübarizədir. Bilirsiniz ki, terror dini, irqi, milləti, vətəni olmayan, kimi harada, nə zaman, necə, nəyə görə vuracağı bəlli olmayan bir xəstəlikdir, bəladır. Buna qarşı mübarizə aparacağıq. Xalqlarımızın xoşbəxtliyi, firavanlığı üçün mübarizə aparacağıq ki, onları bu terror bəlasından hər zaman təhlükəsiz vəziyyətdə olduqlarına inandıraq, bunu hiss etdirək. Bu məsələdə də güc strukturlarımız bir-birilə vaxtaşırı əlaqələr yaradırlar.
Birliyimiz, həmrəyliyimiz bu günün birliyi, həmrəyliyi deyil, tarixdən gələn dərin tellərin zərurətidir. Qardaş olaraq bunu gələcəyə ötürmək məcburiyyətindəyik. İnanıram ki, bunu bacaracağıq və bunu etməkdə qərarlıyıq. Bizim münasibətlərimiz sadəcə belə toplantılardan ibarət deyil və belə olmamalıdır. Farsların gözəl bir sözü var, mənim çox xoşuma gəlir. Deyirlər ki, “oturdular, danışdılar və dağıldılar”. Yəni oturarsınız, gözəl yeməklər yeyərsiniz, çay içərsiniz, sonra da heç bir qərar qəbul etmədən, nəticəyə varmadan dağılıb gedərsiniz. Biz belə deyilik və belə də olmamalıyıq. Biz qəbul etdiyimiz qərarları nəticəyə bağlayacağıq. Ondan sonra bu işin nəticəsini görən hər iki dövlət, inşallah, ortaq mənfəətlə bu işi gələcəyə ötürəcəkdir. Bu bir həmrəylik ruhudur. Biz inanırıq ki, bunu bacaracağıq.
Mən nümayəndə heyətimizə göstərdikləri xoş münasibətə görə hörmətli Cümhurbaşqanına, Milli Məclisin sədrinə, həmkarım Baş nazirə, bütün nazirlərə şəxsən öz adımdan, nümayəndə heyəti adından, millətim və ölkəm adından bir daha təşəkkür edir, sevgi və hörmətimi bildirirəm.
/Azərbaycan Prezidenti İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın nitqləri böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı./
X X X
Sonra Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert oldu.
Rəsmi qəbuldan sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan incəsənət ustaları ilə səmimi görüşüb, onlara təşəkkürlərini bildirdilər.
X X X
Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, deputatlar, nazirlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.