Türkiyənin “Yeni çağ” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
İstanbul, 18 yanvar, AZƏRTAC
Türkiyənin “Yeni çağ” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun 20 Yanvar faciəsindən bəhs edən “Qanla yazılan şanlı tarix” sərlövhəli məqaləsini dərc edib.
“Yüzlərlə insan qətlə yetirildi”, “Qorbaçov və ətrafı”, “Bir milyon qaçqın” və “Bir millət, iki dövlət” yarımbaşlıqları ilə təqdim olunan məqalədə 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə oxuculara geniş məlumat verilir. Qanlı Yanvar faciəsinin təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə birbaşa bağlı olduğunu əsaslandıran müəllif yazır ki, Mixail Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik siyasəti xalqımızın kəskin etirazına səbəb olub. Təsadüfi deyil ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tutduğu bütün vəzifələrdən uzaqlaşdırılandan az sonra ermənilərin ölkəmizə qarşı ərazi iddiası baş qaldırıb.
Azərbaycan ərazilərinin iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğalda saxlanılmasını, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdıran diplomat yazır ki, bütün bunlar Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün həyata keçirilmiş düşmənçilik siyasətinin nəticələridir. Vurğulanır ki, faciənin baş verdiyi o ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər ərazilərində hərbi cinayət törədənləri kəskin ittiham edərək qanlı faciənin dünya ictimaiyyətindən gizlədilməsinə imkan vermədi. Sonrakı illərdə isə Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hadisəyə siyasi və hüquqi qiymət verildi. Ulu öndər Heydər Əliyev böyük müdrikliklə xalqımızın müstəqil dövlətini qurmaq arzularını gerçəkləşdirdi.
Qardaş ölkələrimiz arasında münasibətlərin tarixi əhəmiyyəti ilə bağlı fikir və mülahizələrini bölüşən müəllif qeyd edir ki, 20 Yanvar faciəsini böyük kədərlə qarşılayan Türkiyə həmişə Azərbaycanla həmrəy olub. Əminliklə vurğulanır ki, tarixin bütün dövrlərində sevinc və kədərləri bir olan xalqlarımız bundan sonra da bir-birilərinin maraq və mənafelərini əzmlə müdafiə edəcəklər.
Məqaləni aşağıdakı linkdə oxumaq mümkündür:
http://www.yenicaggazetesi.com.tr/kanla-yazilan-sanli-tarih-108533h.htm
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul