TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI VƏ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, avqustun 30-da Türkiyə Silahlı Qüvvələrinin attaşesi, genral-mayor Fəxri Kır, ölkəsinin “Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” münasibətilə “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
General-mayor Fəxri Kır qonaqları salamlayaraq dedi ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanmışdır. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlmişdir.
O, böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” nəsihətini rəhbər tutan Türkiyə ordusunun hazırda ən güclü ordulardan olduğunu, Türkiyə hərbçilərinin dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirdiyini bildirdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladan, bu tarixi günü qardaş Azərbaycanda birlikdə qeyd etməyin böyük şərəf və qürur doğurduğunu vurğulayan attaşe Türkiyənin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin daim əziz tutulduğunu söylədi.
Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.
######
