DÜNYA
Türklərin yaşamadığı “Türkiyə”
Bakı, 17 sentyabr, T. İvanayeva, AZƏRTAC
Niderlandın cənub-qərbində, Belçika ilə sərhəddə Zelandiya əyalətində yerləşən Sleys bələdiyyəsindəki Türkiyə (Turkije) kəndi Türkiyə ilə 400 ildən artıq olan dərin əlaqəsi ilə məşhurdur.
Kəndə gedən əsas yolda “Türk yolu” kimi tərcümə olunan “Turkeijeweg” nişanları, avtobus dayanacağında “Turkije” - “Türkiyə” yazısı olan lövhələr var, kəndə girişdə isə 16 saylı evin hasarında Hollandiya və Türkiyə bayraqları olan bir lövhə quraşdırılıb.
1989-cu ildə türk rokunun əfsanəsi, müğənni və bəstəkar Barış Manço Türkiyə kəndinə səfər edib və “7-dən 77-yə” proqramında yerli sakinlərdən biri və Türkiyənin xoşməramlı səfiri olan Monik Sturm ilə söhbətini nümayiş etdirib.
Monik Sturmun evinin bağçası və çöl divarları Türkiyədən gətirilən və ya ona aid olan əşyalarla bəzədilib. Onların arasında saman məmulatları, breloklar və Türkiyə bayraqları olan plakatlar da var. Evin qonaq otağında Türkiyədən çoxlu sayda xalça, paltar, fincan, təsbeh, bayraq və bəzək əşyaları yer alıb.
Ev sahibi evinin pəncərələrini özü və Türkiyə kəndi haqqında məqalələrlə bəzəyib. Onun sözlərinə görə, türklər onun evinə tez-tez baş çəkib və o, bundan kifayət qədər məmnun olub: “Hazırda Türkiyədə və digər ölkələrdə yaşayan türklərdən 3600-ə yaxın qonaq qəbul etmişik”.
Türkiyə kəndi Osmanlı dövlətinin 1612-ci ildə Niderland Respublikasını dövlət kimi tanıyan ilk ölkə olması ilə başlayan XVII əsrdən etibarən sürətlə inkişaf edən Niderland-Osmanlı münasibətlərinin yalnız bir hissəsidir. Elə həmin il Niderlandın ilk səfiri Kornelis Haqa İstanbula təyin edildi və Sultan I Əhməd hollandlara “Əhidnamə-i Hümayun” (Osmanlı Sultanının müəllifliyinin rəsmi sənədi, əlyazması - red.) hədiyyə etdi. Diplomatik münasibətlərin qurulması ilə Niderland tacirlərinin Osmanlı dövlətində fəallığı artdı.
Bu il Türkiyə ilə Niderland arasında Dostluq Müqaviləsinin imzalanmasının 100 ili və Türkiyə-Niderland Əmək Müqaviləsinin 60 ili tamam olur.