TÜRKPA müşahidəçiləri Türkiyədə seçkiləri izləyiblər
Bakı, 24 iyun, AZƏRTAC
Milli Məclisin komitə sədri və TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyədə keçirilən prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, missiyanın üzvləri paytaxt Ankarada bir sıra dairələrdə seçki məntəqələrini ziyarət edərək səsvermə prosesini müşahidə ediblər. Missiya üzvləri səslərin sayılması prosesində də iştirak edəcəklər.
TÜRKPA nümayəndələri müşahidə proqramı çərçivəsində bir sıra görüşlər keçiriblər.
Missiya üzvlərinə hazırlıq prosesinin texniki və logistik məsələləri barədə məlumat verilib. Missiyanın rəhbəri Əhliman Əmiraslanov seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə inamını ifadə edib.
Müşahidə missiyasının tərkibində Milli Məclisinin deputatları Səttar Möhbalıyev, Şəmsəddin Hacıyev və İlham Əliyev də təmsil olunublar.