Üç ayda Qəbələnin otel və mehmanxanaları 6 mindən çox əcnəbi turistə xidmət göstərib
Qəbələ, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 15 min 763 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 9 min 744 nəfəri və ya 61,8 faizi Azərbaycan, 6 min 19 nəfəri və ya 38,2 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-mart aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1968 nəfər və ya 11,1 faiz azalıb. Üç ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2842 nəfər və ya 22,6 faiz azalsa da, əcnəbi turistlərin sayında 874 nəfər və ya 17 faiz artım qeydə alınıb.
Yanvar-mart aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edib. Belə ki, üç ayda bu ölkənin 1201 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Səudiyyə Ərəbistanından 1172, Hindistandan isə 1045 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Küveyt, Rusiya, Qətər, Oman, Pakistan, Türkiyə, Qazaxıstan, İran, Bəhreyn, ABŞ və digər ölkələrdən də xeyli sayda turist gəlib.
Üç ayda rayon ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 91,7 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.