UEFA KUBOKU TURNİRİNİN REKORDÇU KLUBLARI
Xəbər verdiyimiz kimi, mayın 16-da Şotlandiyanın paytaxtı Qlazqo şəhərində klublar arasında Avropanın ikinci mötəbər futbol turniri olan UEFA kubokunun (bu turnir 1971-ci ilədək Yarmarkalar kuboku adlanırdı) finalında 2 ispan komandası - “Sevilya” və “Espanyol” qarşılaşacaqdır.
UEFA kuboku yarışlarında ən çox - 3 dəfə qalib gəlmiş komandalar “Barselona” (ilk turnirdə-1958-ci ildə, 1960, 1966), “Valensiya” (1962, 1963, 2004), “Liverpul” (1973, 1976, 2001), “Yuventus” (1977, 1990,1993) və “İnter” (1991, 1994,1998) klublarıdır. Maraqlıdır ki, Çempionlar liqası turnirinin altıqat qalibi “Milan”, İngiltərənin ən məşhur komandası “Mançester Yunayted” bu yarışlarda bir dəfə də olsun kuboku qazana bilməmişlər. “Real” sonuncu dəfə uzaq 1986-cı ildə UEFA kubokunun sahibi olmuş, “Bavariya” isə cəmi bir dəfə - 1996-cı ildə bu kuboku başı üzərinə qaldıra bilmişdir.
UEFA kuboku yarışlarında ingilis, italyan və ispan komandaları, ümumən, hərəyə 10 dəfə qalib gəlmişlər. Builki finalçıların hər ikisinin ispan klubu olduğunu nəzərə alsaq, deməli, onlar turnirdə 11-ci qələbələrini qazanacaqlar.
İngilis klubları dalbadal 6 il - 1968-1973-cü il turnirlərində qalib gəlmişlər. Bu illərdə “Lids” 2 dəfə (1968, 1971), “Nükasl” (1969), “Arsenal” (1970), “Tottenxem”(1972), “Liverpul” (1973) UEFA kubokunun sahibi olmuşlar. Bu komandalardan başqa, “İpsviç” də 1981-ci ildə kuboku əldə edərək, bu turnirdə qalib gəlmiş ingilis klublarının sayını rekord göstəriciyə - 6-ya çatdırmışdır. Yarışlarda həmçinin 5 İtaliya (“Roma”, Yuventus”, “Napoli”, “İnter”, “Parma”) və Almaniya (“Borussiya” Mönhenqladbax, “Ayntraxt” Frankfurt, “Bayer-04”, “Bavariya”, “Şalke-04”) komandası qalib gəlmişdir.
Qarşıdakı final oyununun iştirakçılarından biri - “Sevilya” klubu ötənilki turnirin qalibidir. Əgər komanda builki finalda da qalib gələ bilsə, məşhur həmyerliləri - “Real”ın rekordunu təkrarlayacaqdır. Madridlilər UEFA kuboku turnirinin tarixində ardıcıl (1985-1986) iki dəfə qalib gəlmiş yeganə komandadır.