SİYASƏT
Ukrayna deputatları: Siyasətdə ikili standartlar dünya nizamına böyük ziyan vurur
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Milli Məclisdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Səməd Seyidov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.
Bildirib ki, Azərbaycan Avropa ölkələri ilə də müxtəlif sahələrdə əməkdaşlıq edir. Avropa Şurası çərçivəsində ukraynalı həmkarları ilə birgə fəaliyyətdən danışan Səməd Seyidov vurğulayıb ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq təşkilatlarda da bu ölkələrin nümayəndələrinin həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi vacib məsələdir.
Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy müstəqil Azərbaycan dövləti ilə diplomatik münasibətlərinin tarixindən söz açıb. Ötən il Ukrayna-Azərbaycan əlaqələrinin daha intensiv olduğunu söyləyib. Hər bir ölkənin ərazi bütövlüyü məsələsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, hazırda Azərbaycan mövcud status-kvonu dəyişmək iqtidarındadır.
Söhbət zamanı hər iki ölkədəki diaspor fəaliyyətinə də toxunulub. Milli maraqların müdafiə olunması vacib hesab edilib. Hazırda yalnız Avropanı deyil, bütün dünyanı bürümüş ikili standartlar məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Bu aktual problemin çözülməsi zərurəti vurğulanıb. Ukrayna deputatları qeyd ediblər ki, siyasətdə ikili standartlar, ikili mövqe dünya nizamına böyük ziyan vurur.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rüfət Quliyev, Azər Kərimli iştirak ediblər.