Ukrayna mətbuatından Azərbaycanın Qarabağ siyasətinə baxış
Kiyev, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində apardığı uğurlu lokal antiterror tədbirləri və hazırda gedən reinteqrasiya prosesi dünya mətbuatının diqqət mərkəzindədir. Baxmayaraq ki, Ermənistan Qarabağ bölgəsində baş verənləri imitasiya edərək, dünya mediasına özü istədiyi formada sırımağa çalışır, Azərbaycan dövlətinin ədalətli mövqeyi bir çox ölkələrdə olduğu kimi, Ukrayna mətbuatında da şəffaf şəkildə işıqlandırılır.
Azərbaycan heç kimin ərazisinə göz dikməyib, öz torpaqlarını işğaldan azad edib. Azərbaycan çoxmillətli ölkədir. Tolerantlıq ölkənin 30 illik müstəqillik dövründə daha da güclənib. Azərbaycan vətəndaşı olan ermənilər digər etnik xalqlar kimi Azərbaycan Konstitusiyası ilə təsbit edilmiş hüquqlara malik olacaqlar. Bütün bu amilləri Ukrayna mediası çılpaqlığı ilə görür və haqlı mövqeyimizi ölkə ictimaiyyətinə çatdırır.
“Ukrinform” dövlət informasiya agentliyi, “RBK-Ukrayna”, UNİAN və digər onlarla nüfuzlu nəşrlər Qarabağ bölgəsində gedən prosesləri operativ və obyektiv işıqlandırır. Ukraynanın ən məşhur jurnalistlərindən biri Dmitri Qordon Qarabağ ətrafında baş verən proseslərlə bağlı dərhal mövqeyini açıqlayıb və Azərbaycanın haqlı mövqeyini müdafiə edib.
Ukraynalı jurnalist Yarina Lazko AZƏRTAC-a açıqlamasında Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini söyləyib.
“Qarabağ bölgəsinin bütünlüklə azad edilməsi münasibətilə dost Azərbaycan xalqını təbrik edirəm. Bizim ölkələrimiz oxşar tarixi vəziyyətlə üzləşdiyi üçün ukraynalı jurnalistlər həmişə Qarabağ ətrafında baş verən hadisələri yaxından izləyiblər. Onlar indi də uğurlu lokal antiterror tədbirləri və reinteqrasiya prosesi ilə bağlı məlumatları izləyərək dolğun xəbərlər yayırlar”, - deyə Lazko əlavə edib.
Onun sözlərinə görə, Ukrayna jurnalistləri üçün Azərbaycan dövlətinin münaqişəni necə həll etməsi və reinteqrasiya prosesi olduqca maraqlıdır.
“İnanıram ki, Ukrayna da öz ərazilərini işğaldan azad edəcək və biz Azərbaycanın təcrübəsindən yararlanacağıq. Azərbaycanın getdiyi yolları Ukrayna da keçəcək. Ona görə də Ukraynada hər bir media resursunun informasiya lentində Qarabağ ətrafındakı proseslərlə bağlı gündəlik informasiyalar yayımlanır. Bu çətin işdə Azərbaycana ürəkdən uğurlar arzulayıram, biz sizinləyik”, - deyə ukraynalı jurnalist vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev