Ukraynada azərbaycanlı prorektor: Ölkələrimizin münasibətləri regionda sabitliyə birbaşa təsir edir
Bakı, 28 aprel, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri, əslində, iki ölkə arasındakı münasibətlərin artıq formal diplomatiyadan çıxıb daha strateji və insani səviyyəyə yüksəldiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Əməkdar elm xadimi, Xarkov Milli Radioelektronika Universitetinin elmi və pedaqoji işlər üzrə prorektoru, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
Onun sözlərinə görə, Ukraynada yaşayan Azərbaycan diaspor təşkilatları iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Bu təşkilatlar həm mədəni əlaqələrin qorunmasına, həm də iqtisadi və sosial sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verir. Diaspor nümayəndələri iki xalq arasında qarşılıqlı dostluğun güclənməsində əhəmiyyətli vasitədir.
“Mən Ukraynada yaşayan bir azərbaycanlı kimi deyə bilərəm ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər təkcə dövlətlərarası əlaqələr deyil, bu, xalqlar arasında formalaşmış real dostluqdur. Biz burada bunu hər gün hiss edirik. Ukraynada yaşayan azərbaycanlılar üçün Azərbaycan hər zaman qürur mənbəyi olaraq arxamızda dayanan tarixi vətənimizdirsə, Ukrayna ikinci vətənimizdir. Xüsusilə Ukraynanın son çətin dövrlərində Azərbaycan humanitar yardım, enerji dəstəyi və siyasi dəstək göstərməklə Ukraynanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu isə diaspor nümayəndələrinin Ukraynada daha rahat yaşamalarına və çalışmalarına şərait yaradan amillərdəndir”, - deyə soydaşımız əlavə edib.
M.Ömərov vurğulayıb ki, Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri də bu dostluğun davamıdır. Bu səfər göstərir ki, ölkələrimiz yalnız iqtisadi və siyasi sahədə deyil, həm də təhlükəsizlik, enerji, bərpa və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək istəyirlər.
“Biz – Ukraynada yaşayan azərbaycanlılar bu münasibətlərin daha da möhkəmlənməsini istəyirik. Çünki bu əlaqələr həm bizim həyatımıza, həm də regionda sabitliyə birbaşa təsir edir. Əminliklə demək olar ki, Azərbaycan-Ukrayna münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”, - deyən professor fikrilərini yekunlaşdırıb.
Müxbir - Ceyhun Xəlilov