Ukraynada külli miqdarda saxta əsginasın satışı ilə məşğul olan beynəlxalq cinayətkar qrup zərərsizləşdirilib
Kiyev, 6 fevral, AZƏRTAC
Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə külli miqdarda ABŞ dollarının saxtalaşdırılması və satışı ilə məşğul olan beynəlxalq cinayətkar qrupun fəal üzvlərini zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, Xidmətin yaydığı məlumata görə, istintaqın ilkin araşdırmaları zamanı cinayətkar qrupa Ukraynanın müxtəlif bölgələrindən olan beş sakinin və bir neçə xarici vətəndaşın daxil olduğu müəyyənləşib. Onlar saxta dollar əsginasları nominal dəyərindən 50 faiz ucuz satıblar.
Axtarışlar zamanı 25 min dollar dəyərində saxta əsginas, onun istehsalı üçün avadanlıq, qanunsuz silah müəyyən edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev