CƏMİYYƏT
Ukraynada Şuşa şəhərinin Ukrayna-Azərbaycan əlaqələrinin inkişafındakı roluna dair tədbir keçirilib
Kiyev, 12 noyabr, AZƏRTAC
Boqdan Xmelnitski adına Çerkassı Milli Universitetində Ukraynanın xalq deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sergey Naqornyakın təşəbbüsü və dəstəyi ilə Şuşa şəhərinin və görkəmli şuşalıların Ukrayna-Azərbaycan münasibətlərində roluna həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Zəfər Günü və Şuşa şəhəri Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marına Qonçaruk universitetin tələbə və müəllim heyəti ilə görüşüb. O, Ukrayna-Azərbaycan münasibətlərinin tarixindən, eləcə də Şuşa və görkəmli şuşalıların onların inkişafında rolundan danışıb. Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq mədəni-humanitar tədbirlərin keçirilməsi üçün mühüm mərkəz kimi əvvəlki roluna qayıdıb ki, onların arasında Şuşa Media Forumu mühüm yer tutur. “Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq normalarına riayət edilməsində mühüm presedentə çevrilib. Ukrayna və Ukrayna xalqı həmişə Azərbaycanı dəstəkləyib”, - deyə M.Qonçaruk bildirib.
Qeyd olunub ki, Azərbaycan milli təhlükəsizlik siyasətində Ukraynanın strateji tərəfdaşıdır, bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir və genişmiqyaslı hərbi əməliyyatların başlanmasından sonra humanitar yardım göstərir.
O, həmçinin hər iki ölkəni birləşdirən iqtisadi və mədəni əlaqələrdən danışıb, Çerkassının 2003-cü ildən Azərbaycanın Sumqayıt şəhəri ilə qardaş şəhər olduğunu, Sumqayıtın müharibə başlayandan sonra Ukraynanın bu şəhərinin sakinləri üçün humanitar yardım göndərdiyini xatırladıb.
Öz növbəsində, Çerkassı Milli Universiteti Azərbaycan universitetləri və Bakıdakı Ukrayna Mərkəzi ilə əməkdaşlıq edir. “İkitərəfli münasibətlərdə iştirak etmək istəyən gənclərə şərait yaratmaq çox vacibdir, onlar Azərbaycanın dilini, mədəniyyətini və tarixini öyrənirlər. Xalqlarımız arasında münasibətləri inkişaf etdirmiş görkəmli şuşalılar, xüsusilə ADR-in ilk səfiri Yusif Vəzir Çəmənzəminli və ADR-in Ukrayna Dövlətindəki ilk diplomatik nümayəndəsi Cəlil Sadıxov haqqında məlumatlar tələbələrdə ölkələrimiz arasında münasibətlərin tarixinə maraq oyatmışdır. Ukraynalı gənclərin Azərbaycana səfər edə biləcəyi bir proqram olsa idi, çox yaxşı olardı. Axı, təəssüf ki, ukraynalı gənclər üçün heç vaxt belə bir proqram olmayıb”, - deyə M.Qonçaruk qeyd edib.
Çerkassı Milli Universitetinin elmi, innovasiya və beynəlxalq fəaliyyət üzrə prorektoru Aleksandr Spryagaylo universitetin Azərbaycanla, o cümlədən təhsil və elm səviyyəsində çox uzun və səmərəli əməkdaşlıq etdiyini bildirib.
Universitetdə fəaliyyət göstərən Aqatangel Krımski adına Türkoloji Araşdırmalar Mərkəzinə Azərbaycan dilində külli miqdarda müasir və klassik ədəbiyyat, o cümlədən Nəsimi, Nizami, Səməd Vurğun, Leyla Əliyeva və bir çox başqalarının əsərləri hədiyyə edilib. Ukrayna klassikləri Lesya Ukrainka, Aqatangel Krımski, Taras Şevçenkonun əsərləri, həmçinin, Ukrayna dilində Azərbaycan ədəbiyyatı da təqdim olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev