Ukraynanın analitika portalı AZƏRTAC-ın Dağlıq Qarabağ haqqında materialını yerləşdirib
Kiyev, 4 aprel, AZƏRTAC
Ukraynanın “Versii.com. Fabrika analitiki” portalı Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın “Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini düşməndən azad edib” materialını özünün “Dağlıq Qarabağda döyüşlər: onlarca hərbçi həlak olub” sərlövhəsi ilə yerləşdirib http://versii.com/news/346122/.
Ukrayna auditoriyasını məlumatlandıran sayt yazır ki, aprelin 2-nə keçən gecə və gün ərzində Azərbaycanın bütün cəbhə boyu mövqeləri və yaşayış məntəqələri intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında həlak olanlar və yaralılar var.
Sonra qeyd edilir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri diversiyanın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ağdərə-Tərtər-Ağdam-Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri haqqında qərar qəbul edib.
Yazıda vurğulanır ki, bir neçə istiqamətdə qısa və sürətli əks-hücumun gedişində Ermənistan silahlı birləşmələrinin uzun illər boyu mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilən birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyət daşıyan bir neçə yüksəklik və yaşayış məntəqəsi düşməndən tam azad edilib.
Sonra qeyd edilir ki, Talış kəndi ətrafında Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək yüksəkliklər, habelə Seysulan məntəqəsi düşməndən tam təmizlənib. Strateji əhəmiyyətli Horadiz şəhərini düşmən təhlükəsindən müdafiə etmək məqsədi ilə Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən “Lələ Təpə” adlı yüksəklik Azərbaycan bölmələrinin nəzarəti altına keçib.
Hazırda həmin yüksəkliklərdə və yeni müdafiə xətti boyunca müvafiq möhkəmləndirmə tədbirləri görülür, yeni səngərlər qazılır, mövqelərdə bərkitmə işləri aparılır.
Materialda vurğulanır ki, döyüşlərdə ermənilərə məxsus 6 tank, təqribən 15 artilleriya qurğusu və möhkənmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu öldürülüb və yaralanıb.
Məqalədə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu düşmənlə döyüşdə şəhid olub.
Materialın sonunda vurğulanır: “Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev