UKRAYNANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə sentyabrın 5-də “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir.
Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk qəbulda çıxış edərək bildirdi ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycanla münasibətlər qurulması üçün konkret addımlar atmışdır. Bu gün dost Azərbaycanla münasibətlər yüksələn xətlə inkişaf edir və bu işdə dövlət başçılarımızın xüsusi rolu olmuşdur. Ukrayna Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində reallaşan bir sıra regional layihələrin həyata keçirilməsində yaxından iştirak edir.
Diplomat vurğuladı ki, parlamentlər səviyyəsində də əlaqələr genişlənir. Deputatlarımız beynəlxalq təşkilatlarda, demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirlər.
Sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etdi, Ukrayna xalqına sülh və əmin-amanlıq arzuladı. O, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin tarixindən söhbət açdı.
Bir fikir xüsusi vurğulandı ki, bu gün ölkələrimizin münasibətləri bütün sahələri əhatə edərək, strateji tərəfdaşlıq xarakteri almışdır.
Mərasimdə nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
######
