Ulu Öndər hər bir azərbaycanlının ürəyində yaşayır
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndərimiz bu gün bizim aramızda olmasa da, hər bir azərbaycanlının ürəyində yaşayır. Azərbaycan isə onun şah əsəridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində mayın 10-da ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edən paytaxt sakini Ramiz Xəlilov deyib.
O bildirib ki, 1993-cü il iyunun 15-də xalqımızın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, qardaş qırğınının qarşısını almaq, ölkəni xilas etmək mümkün olmazdı. Dahi şəxsiyyət Heydər Əliyevin məşhur bir kəlamı var: mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram. Respublikamızın ağır günlərində öz həyatı ilə risk edən Ulu Öndərin Azərbaycanın xilası və inkişafı naminə gördüyü işlər sözün əsl mənasında misilsizdir.
R.Xəlilov qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev layiqincə davam etdirir. İndi hətta dünyanın böyük dövlətləri Azərbaycanla hesablaşırlar. Azərbaycanın razılığı olmadan, regionda mühüm layihələrin reallaşdırılması mümkün deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələrin həyata keçirilməsi dövlət başçısının apardığı praqmatik siyasətin nəticəsidir.
Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı islahatlar aparılıb. Ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter alıb, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranıb.