Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir
Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev bütün varlığı, bilik və bacarığı ilə xalqına, torpağına bağlı dahi şəxsiyyət idi. Onun sayəsində Azərbaycan parçalanmaqdan, dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda keçirilən konfransda bildirilib.
Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların, ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak ediblər.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, Əməkdar mədəniyyət işçisi Elza Orucova və başqaları çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və onun xatirəsinin hər zaman uca tutulacağını vurğulayıblar.
Bildirilib ki, Azərbaycanda milli özünüdərkin, intibahın yaranması və formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkənin mütərəqqi idarə olunması modelini yaradaraq Azərbaycanda milli özünəqayıdış və milli azadlıq ruhunu yüksəldib. Ulu Öndərin istedadlı gənclərimizin o zamankı ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasını təşkil etməsi gələcək müstəqil Azərbaycanın milli kadr hazırlığında önəmli addım olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın milli zabitlər nəslinin hazırlanmasının təməli qoyulub.
Tədbirin sonunda Quba şəhər Uşaq İncəsənət məktəbinin istedadlı şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.