SİYASƏT
Ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmişdir
Naxçıvan, 8 iyul (AZƏRTAC). Naxçıvan Tibb Kollecində Heydər Əliyev Lektoriyasının “14 iyul - Azərbaycanın həyatında dönüş günü” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, tariximizə qızıl hərflərlə yazılmış 1969-cu il iyulun 14-də hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumuş, mərkəzin siyasətini milli maraqlara tabe etdirərək ölkəmizi inkişaf yoluna çıxarmışdır. Həmin vaxt ümumi iqtisadi inkişaf səviyyəsinə görə Sovet İttifaqında sonuncu yerdə olan, İttifaqın aqrar əlavəsi mərhələsini yaşayan respublikamızda Ümummilli Liderin rəhbərliyi ilə bütün sahələrdə inkişafa nail olunmuş, qısa vaxtda iqtisadiyyatın bütün sahələrində əldə edilən yüksək inkişaf tempi ölkəmizi qabaqcıl respublikalar sırasına çıxarmışdır.
Vurğulanmışdır ki, ölkəmizə quruculuq və inkişaf, tərəqqi bəxş edən ulu öndər Heydər Əliyevin siyasi xətti 1993-cü ildə Azərbaycanı dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizə əbədi müstəqillik qazandırmışdır. Həmin vaxt xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider ölkənin parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətində olduğu bir vaxtda müstəqil Azərbaycan dövlətini yaşatmış, onu yeni inkişaf mərhələsinə çıxarmışdır. Bu gün Ulu Öndərin izləri onun şah əsəri olan müstəqil Azərbaycanın hər yerində görünür. Dahi rəhbər Heydər Əliyevin yolu ilə gedərək günü-gündən inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün uğurlarda, qazanılan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır.
Sonda ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.