Ulu öndər Heydər Əliyevin xatirəsi Ali Məhkəmədə yad edilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb.
Ali Məhkəmənin sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunub və Azərbaycan dünyada öz layiqli yerini tutub. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb, sovet rəhbərliyini ittiham edib, Kommunist Partiyasının sıralarını tərk edib.
Ulu öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında olub və sovet rəhbərliyinin bu cinayətini pisləyib. Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Məhz Ulu Öndərin qərarı ilə Azərbaycan milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaradıb. Heydər Əliyevin rəhbərlik etdiyi vaxtlarda respublikada qanunçuluğun və hüquq sisteminin möhkəmlənməsi üçün tədbirlər görülüb, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılıb və hüquq sisteminin mahiyyətini müəyyən edən çoxsaylı qanun və bütün əsas məcəllələrin layihələri hazırlanıb.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Məhz ulu öndər Heydər Əliyevin gərgin zəhməti və uzaqgörənliyi sayəsində ölkəmizdə müasir, qüdrətli ordu yaradılıb. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb, SSRİ-nin digər ali hərbi məktəblərinə yüzlərlə azərbaycanlı gənc kadr göndərilərək müstəqillik illərində Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rol oynayıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan ordusu güclü orduya çevrilib. Azərbaycan ordusu xalqımızın qürur və güvənc ünvanıdır. Milli ordumuzda döyüş ruhu yüksəkdir. Xalqımız taleyini inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar edir. Bu gün xalqımız qələbə sevincini yaşayır, düşmən üzərində qələbəni təmin edən də məhz ordumuz, cəsur zabit və əsgərlərimizdir.
Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olunub. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıb. Xalqımız dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradının təsiri altındadır. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir. Qələbə nümayişi Silahlı Qüvvələrimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Xalq - Ordu birliyinin təntənəsi oldu, Türkiyə - Azərbaycan qardaşlığının rəmzinə çevrildi.
Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir.