Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi keçirilir
Bakı, 23 noyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində Milli Konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən milli konfransda beynəlxalq mütəxəssis qrupu, Gürcüstan, Qazaxıstan və Türkiyədən proqram üzrə məsul şəxslər, özəl sektor, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, Tibbi Kollec, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA və s. qurumların nümayəndələri iştirak edib.
Tədbirdə antimikrob preparatlara qarşı davamlılıq, infeksiyaların profilaktikası və infeksion nəzarəti, “Vahid Sağlamlıq” barədə maarifləndirməni artırmaq, bu sahələrdə çalışan agentliklər, qurumlar və təşkilatlar arasında əməkdaşlığı gücləndirməklə bağlı məsələlər ətrafında çıxışlar dinlənilib, COVID-19 və səhiyyədə digər fövqəladə hallarla bağla əldə olunmuş təcrübələrdən danışılıb, fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın yolları müzakirə edilib.