Ümumdünya Habitat Günü: BMT-nin rəhbəri ekoloji təmiz şəhərlər qurmağa çağırır
Bakı, 5 oktyabr, AZƏRTAC
Bəşəriyyət ikiqat böhran ilə üzləşib: pandemiya və iqlim dəyişmələri. Lakin hər bir sınaq, eyni zamanda insanın həyatını yaxşılaşdırmaq üçün bir fürsətdir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Ümumdünya Habitat Günü (Habitat - latınca habitabilis sözündən olub “yaşayış üçün yararlı, məskunlaşmış” deməkdir - AZƏRTAC) münasibətilə müraciətində ekoloji təmiz şəhərlər qurmağa və daxiliyanma mühərriklərindən istifadə olunmasına qlobal moratorium tətbiq etməyə çağırıb.
Haşiyə: Ümumdünya Habitat Günü yaşayış məntəqələrində yaşam şəraitinə həsr edilib. Yaşayış məntəqələri üzrə komissiyanın tövsiyələrinə uyğun olaraq BMT Baş Assambleyasının 40-cı sessiyasında təsis olunub. 1986-cı ildən başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi günü qeyd edilir.
BMT-nin Baş katibi Antonio Quterreş xatırladıb ki, hazırda şəhərlərdə və qəsəbələrdə 4,5 milyard insan yaşayır, urbanizasiya prosesi isə sürətlə davam edir. 2050-ci ilə qədər şəhər sakinlərinin sayı indiki ilə müqayisədə daha 50 faiz arta bilər. BMT rəhbəri xəbərdarlıq edir: tamamilə mümkündür ki, bu əsrin ortalarına qədər 1,6 milyarddan çox şəhər sakini yay fəslində orta temperaturun 35 dərəcə olduğu şəraitdə yaşamağa məcbur olacaq.
Bu il Ümumdünya Habitat Günü “Karbonsuz dünya qurmaq naminə şəhər təşəbbüslərinin fəallaşdırılması” şüarı ilə qeyd olunur. Bu fakt istiləşməni 1,5 dərəcə həddində saxlamaq məqsədilə iqlim dəyişmələrinə qarşı mübarizədə şəhərlərin və qəsəbələrin aparıcı rol oynadığını göstərir.
BMT rəhbəri vurğulayıb: “Biz 2050-ci ilə qədər istifadəyə verilməli olan infrastruktur obyektlərinin dörddə üç hissəsini tikməmişik. İqtisadiyyatın bərpası ilə bağlı planlar bütöv bir nəslə iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini həyata keçirmək, bərpaolunan enerji mənbələrindən istifadə etmək və davamlı inkişafı şəhərlərin inkişafı strategiyasının və siyasətinin əsas elementinə çevirmək imkanı verir”.
Onun sözlərinə görə, XXI əsrin ortalarına qədər tullantıların sıfır səviyyəsinə endirilməsi məqsədinə yalnız şəhərlərin fəal iştirakı ilə nail ola bilərik. Tikinti işlərində hər yerdə ekoloji materiallardan istifadə edilməli, binalar özləri enerji baxımından effektiv olmalıdır. Antonio Quterreş əminliklə deyib: “Bu, çirklənmənin və iqlim risklərinin azaldılması, iş yerlərinin sayının artırılması, insanların səhhətinin yaxşılaşdırılması və rifahının yüksəldilməsi baxımından çox böyük səmərə gətirərdi”.
BMT rəhbəri daha sonra xatırladıb ki, dünyada karbon qazı tullantılarının təqribən 20 faizi nəqliyyatın payına düşür, şəhər əhalisinin sayının artması isə nəqliyyat xidmətlərinə tələbatın daha da artmasına gətirib çıxarır. Bununla əlaqədar Baş katib 2040-cı ildən gec olmayaraq daxiliyanma mühərriklərindən istifadə olunmasına qlobal moratorium tətbiq etməyə çağırıb.
Antonio Quterreş müraciətinin sonunda deyib: “Gəlin, bu Ümumdünya Habitat Günündə şəhərlərin davamlı inkişaf potensialını planetimizin və bütün insanların rifahı naminə istifadə etmək barədə düşünək”.