Ümumdünya Ticarət Təşkilatı: Dünya iqtisadiyyatı ÜDM-in 5 faizini itirə bilər
Bakı, 30 oktyabr, AZƏRTAC
Ticarətin parçalanması və dövlətlərin bloklara bölünməsi səbəbindən uzunvədəli perspektivdə dünya iqtisadiyyatı ümumdaxili məhsulunun 5 faizini itirə bilər.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Nqozi Okonco-İevala bu barədə “Nikkei” qəzetinə müsahibəsində bildirib.
Təşkilatın hesablamalarına görə, dünya ölkələri ticarət bloklarına bölünsə qlobal ÜDM 5 faiz azalacaq ki, bu da Yaponiya iqtisadiyyatının itirilməsi ilə müqayisə olunan böyük göstəricidir. Baş direktorun sözlərinə görə, hələlik geniş parçalanmanın aşkar əlamətləri görünmür, lakin bu barədə bəzi siqnallar ekspertlərin narahatlığına səbəb olur. Bloklara bölünmə sisteminə müəyyən keçid özünü əsasən “qlobal ticarət zəncirlərinin fəaliyyət göstəricisi” sayılan materialların dünya bazarındakı payının azalması ilə göstərir.
Qeyd olunur ki, ABŞ-ın sabiq Prezidenti Donald Trampın 2017-ci ildə Birləşmiş Ştatların Sakit okean tərəfdaşlığı üzrə hərtərəfli və proqressiv sazişdən çıxması barədə fərmanından sonra qlobal iqtisadiyyatda azad ticarət prinsiplərindən uzaqlaşma halları müşahidə edilir. Belə ki, hazırkı Prezident Cozef Baydenin dövründə Vaşinqton, habelə bəzi Avropa ölkələri və Yaponiya Çinin qabaqcıl texnologiyalara və yarımkeçirici sənayesinə çıxışını məhdudlaşdırmağa çalışıb.
Nqozi Okonco-İevala 2023-cü ildə iqtisadi artımda proqnozlaşdırılan tənəzzülün insanların həyat standartlarına mənfi təsir göstərəcəyini, qlobal iqtisadi parçalanmanın isə bu problemləri daha da dərinləşdirəcəyini vurğulayıb.