Ümumi cərrah: Öd kisəsində olan patologiyalarla bağlı müraciətlər çoxalıb
Bakı, 24 fevral, AZƏRTAC
Yəqin ki, uşaq olarkən çoxlarının gələcəkdə həkim olmaq kimi arzusu var idi. Kimiləri bu arzularının arxasınca gedib onu gerçəkləşdirib. Kimiləri isə tamam başqa istiqamətlərə yönəlib. Həkimlik elə bir peşədir ki, onun mahiyyəti hər kəsə çox ülvi və cəlbedici gəlir. Bir insanı sağlamlığına qovuşdurmaq, onu həyata yenidən qaytarmaq, heç şübhəsiz, hər bir insana çox böyük xoşbəxtlik bəxş edər.
Məhz uşaqlıq arzusunun arxasınca gedib, Ukraynada təhsil alıb həkim peşəsinə yiyələnən, hazırda Qaradağ Tibb Mərkəzinin ümumi cərrahı Nazim Əmirovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.
-Nazim həkim, əvvəlcə özünüz haqda məlumat verərdiniz…
- Kəlbəcər rayonunda 1981-ci ildə anadan olmuşam. Atamın işi ilə əlaqədar 1989-cu ildə Kəlbəcərdən Bakıya köçdük və Qaradağ rayonunun Lökbatan qəsəbəsində boya-başa çatdım. Bakıda orta məktəb təhsilimi bitirib, hərbi qulluğa getmişəm. Hərbi qulluğu bitirdikdən sonra isə texniki kollecə qəbul oldum. Kollecdə oxuduğum zaman uşaqlıq xəyallarım məni tibb üzrə təhsil almağa sövq etdi. Açığı, həkim olmaq mənim uşaqlıq arzum idi. Həkim olub insanları sağaltmaq, onlara yardım etmək mənim bu peşəni sevməyimə vəsilə olan ən böyük səbəblərdəndir. Bu səbəbdən tibb təhsili almaq üçün Ukraynaya getdim. Ukraynanın Luqans şəhərində imtahan verdim və qəbul oldum. Altı ildən sonra universiteti cərrahiyyə ixtisası üzrə bitirməyə müvəffəq oldum. Təhsil dövründə terapiya, ginekologiya, uşaq cərrahiyyəsi, onkologiya üzrə sertifikatlara sahib oldum. Hazırda isə Qaradağ Tibb Mərkəzinin ümumi cərrahıyam və artıq iki ildir bu xəstəxanada fəaliyyət göstərirəm.
-Ukraynada təhsilin nə kimi çətinlikləri var idi?
-Ukraynada təhsilin əsas çətinliklərindən biri Vətəndən uzaqda olmağım idi. Orada təhsil aldığımız müddətdə növbələrə həddindən çox çıxır, daha artıq biliklər əldə etmək üçün təcrübə keçirdik.
-Təhsil aldığınız ölkədə səhiyyə sahəsində öyrəndiyiniz nə kimi yeniliklər var idi?
- Mən tələbə ikən Azərbaycanda laporoskopik cərrahiyyədən çox az istifadə olunurdu. Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində bütün xəstəxanalarda artıq laporoskopik cərrahiyyə mövcuddur. Bütün əməliyyatlar kimi, laporoskopik cərrahiyyə də icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.
-Son zamanlar hansı xəstəliklərlə bağlı müraciətlərin sayı daha çox artıb?
-Onu deyə bilərəm ki, daha çox öd kisəsində olan patologiyalarla bağlı müraciətlər çoxalıb. Əsas səbəb kimi isə milli mətbəximizdə olan yağlı yeməkləri misal göstərmək olar. Ancaq bəzən genetik meyillilik də mümkündür. Öd kisəsində olan xəstəliklərdən əziyyət çəkən insanlar əsasən diyetik qidalanmaya fikir verməlidir. Yağlı yeməklərlə qidalanan insanlarda mədəaltı vəzidə, öd kisəsində problemlərin yaranması ehtimalı böyükdür. Bütün bunlara diqqət etmək əhəmiyyətli olar.
-Tibdə möcüzələrə inanırsınız?
-Möcüzələr həyatımızda çox olur. Belə bir hadisəni xatırlayıram. Bir dəfə 94 yaşlı ağır xəstəliyi olan pasiyenti əməliyyat etdim. Əməliyyat çox uğurlu keçdi və həmin pasiyent öz sağlamlığına qovuşdu. Bu, mənim üçün inanılmaz bir hadisə idi. Çünki onun xəstəliyi o qədər ağır idi ki, bir möcüzənin olmasına ümid edirdim. Düşünürəm ki, bu hadisə həqiqətən də bir möcüzədir. Həyatımda bu cür möcüzəvi hadisələrlə qarşılaşmışam. Onu da deyim ki, bəzi xəstəxanalar həmin yaşlarda olan insanların əməliyyatını həyata keçirmir...
Vətən müharibəsində könüllü olaraq iştirak etmişəm. Mən özüm qarabağlıyam, atamın, anamın, ailəmin yanında, cəmiyyətimizdə başıuca olmağım üçün öz vəzifə borcumu yerinə yetirmiş oldum. Bu, mənim üçün qürurvericidir. Əlbəttə, hərbi xidmətdə olmuşdum. Ancaq Vətən müharibəsində bir həkim kimi iştirak etmək mənim üçün olduqca fəxrlidir. Həmin dövrdə çox ağır mənzərələrin şahidi oldum. Müalicə etdiyim qazilərimizdən hələ də müraciət edənləri olur, onlarla daim əlaqədəyik.
-Son dövrlər ən çox rast gəlinən cərrahi əməliyyatlar hansılardır?
-Son dövrlər dünyada ən çox rast gəlinən əməliyyatlar öd kisəsi, kor bağırsaq və yırtıq əməliyyatlarıdır. Ağır fiziki işlər, əzələ boşluğu yırtıq əməliyyatlarına kimi gətirib çıxara bilir. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün ilk növbədə daha çox fiziki işlə məşğul olmalıdır. Eyni zamanda, qidalanmaya diqqət yetirməlidirlər. Ən çox təbii qidalara üstünlük verilməlidir. Süni qidalardan uzaq olmaq məsləhətdir.
-Qaradağ Tibb Mərkəzinin təmirdən sonrakı vəziyyəti barədə nə demək istərdiniz?
- Əlbəttə ki, bu gün dövlətimizin başçısı digər sahələrə olduğu kimi, səhiyyə xidmətinə də xüsusi diqqətlə yanaşır. Ölkəmizdə səhiyyə sistemi, həkimlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Xəstəxanalar tikilir, bərpa işləri həyata keçirilir, xəstəxanalar təmir olunur. Yeni tikilmiş və əsaslı təmirdən çıxmış, ən müasir texniki avadanlıqlarla təchiz olunmuş yeni xəstəxana və poliklinikaların açılması bütövlükdə tibb sahəsinə, burada çalışan insanlara göstərilən diqqətin bariz nümunələridir. Prezident İlham Əliyevin səhiyyə sahəsində imzaladığı sənədlər, aparılan genişmiqyaslı islahatlar səhiyyə işçilərinə lazımi şəraitin yaradılmasına və onların rifah halının yaxşılaşdırılmasına yönəldilib. Qaradağ Tibb Mərkəzinin təmirdən sonrakı vəziyyəti də bunu deməyə əsas verir. Əvvəlki illərlə müqayisədə xəstəxanamız yenidən tikilib və bu, bizim üçün böyük bir hadisədir.
Ölkəmizdə hazırda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün geniş zəmin yaradılıb. Bu xidmətlərə əhalinin əlçatanlığını təmin etmək səbəbindən icbari tibbi sığortanın tətbiqi daha da genişləndirilib. Məhz bu xidmət sayəsində müraciətlərin sayı artıb, insanlar isə məmnunluqla bundan istifadə edərək, müalicə alır, əməliyyat olur və sağlamlıqlarına qovuşurlar.