Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Yüksəliş” intellektual müsabiqəsi keçirilib
Bakı, 15 may, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Yüksəliş” intellektual müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, intellektual müsabiqə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları üçün nəzərdə tutulub. Müsabiqədə 30 komanda olmaqla ümumilikdə 190 nəfər iştirak edib. 30 komanda arasından birinci yerə “Köhnə Dalğa”, ikinci yerə “Tufan”, üçüncü yerə isə “Fərq” komandası çıxıb.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.