Ümummilli lider Heydər Əliyevin yubileyi ilə əlaqədar Hindistanda tədbir keçirilib
Bakı, 11 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Azərbaycanın Hindistandakı səfirliyində tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Hindistan Universitetlər Konfederasiyasının prezidenti, eləcə də İndira Qandi Texniki və Səhiyyə Universitetinin və Ümumdünya Virtual Universitetinin rəhbəri Priya Rancan Trivedinin rəhbərlik etdiyi bir qrup hindistanlı professor və elm xadiminin də iştirak etdiyi tədbirdə çıxış edən səfir Əşrəf Şıxəliyev Ulu Öndərin həyatı, uzaqgörən daxili və xarici siyasəti, onun qətiyyəti sayəsində müstəqilliyimizin daha da möhkəmlənməsi, o cümlədən dövlət quruculuğu və Azərbaycanın dünyaya tanıdılması istiqamətində misilsiz xidmətləri barədə danışıb.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı siyasi və iqtisadi nailiyyətlər, müxtəlif sahələrdə aparılan islahatlar, o cümlədən “qara qızılı insan kapitalına çevirmək” strategiyası və “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu ilə Azərbaycanın “EXPO-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verilib.
Azərbaycan-Hindistan əlaqələrindən danışan səfir Ə.Şıxəliyev iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, eləcə də təhsil sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
P.Trivedi Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olduğunu, hazırda Azərbaycanın sürətli inkişafının dünyada, o cümlədən Hindistanda maraqla izlənildiyini bildirib, Azərbaycan-Hindistan əlaqələrinin genişlənməsindən məmnunluğunu ifadə edib.
Qonaqlara Ümummilli Liderimizin həyat və fəaliyyəti, Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadi imkanları barədə kitab və məcmuələr təqdim olunub.