“ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA AQRAR SİYASƏT” MÖVZUSUNDA “DƏYİRMİ MASA”
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 12-də “Xalq” mətbuat mərkəzində “Yeni həyat - iqtisadi inkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasət” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
İctimai Birliyin sədri Müşviq Həsənov ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın liberallaşması, bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədi ilə apardığı iqtisadi islahatlardan danışmışdır. Bildirmişdir ki, respublikamızda ictimai-siyasi sabitliyin əldə edilməsi, neft strategiyasının uğurla həyata keçirilməsi, əlverişli investisiya mühitinin yaradılması, müasir texnologiyaların tətbiqi, sahibkarlığın inkişaf etdirilməsi və digər tədbirlər iqtisadiyyatımızın hərtərəfli inkişafını təmin edən əsas amillərdir. Ölkəmizin böyük inkişaf potensialına malik sahələrindən biri də aqrar sektor - kənd təsərrüfatıdır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövr - 1969-1982-ci illər kənd təsərrüfatının coşğun inkişafı ilə xarakterizə olunur. O zaman təbiətin ölkəmizə verdiyi imkanlardan və potensialdan düzgün və səmərəli istifadə edilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən natiq ölkəmizin dünyanın ən islahatçı dövləti səviyyəsinə qaldırdığını vurğulamışdır.
Tədbirdə ulu öndərin dövlətçilik strategiyasında aqrar siyasətin uğurlarından, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından söhbət açılmış, aqrar sahədə struktur islahatların başa çatdırılması, aqrar-sənaye komplekslərinin kooperasiya əsaslı bazar infrastrukturunun formalaşdırılmasının zəruriliyi vurğulanmışdır.