Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 110 tondan çox tullantı toplanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Novxanı sahilində təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, "Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, müxtəlif dövlət və özəl qurumların, təşkilatların nümayəndələri iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova mövsümün sonuncu kütləvi təmizlik aksiyasında yüzlərlə vətəndaşın iştirak etdiyini diqqətə çatdırıb: "Aksiyada dövlət və özəl qurumlar, gənclər təşkilatları, ictimaiyyət nümayəndələri təmsil olundular. Ən çox da məktəblilər, tələbələr aktiv iştirakı ilə seçildi. Sevindirici haldır ki, gənclər ətraf mühitin mühafizəsinə çox məsuliyyətlə yanaşırlar və demək olar ki, onlar ilboyu müxtəlif ekoloji aksiyalarda fəal iştirak edirlər.
Ümumiyyətlə, təmizlik aksiyalarına maydan etibarən başlanılıb, meşə ərazilərini, dəniz və çay sahillərini, magistral yolların kənarlarını, demək olar ki, vətəndaşların üz tutduqları bütün ictimai yerləri, istirahət etdikləri və sonradan çirkləndirdikləri əraziləri əhatə edib. Bu cür aksiyaların məqsədi vətəndaşları tullantıların düzgün idarə edilməsinə səsləməkdir. Biz dəniz kənarında, meşə ərazisində istirahətdən zövq alırıq, amma sonradan onu tullantılarla baş-başa buraxaraq tərk edirik. Vətəndaşlarımıza çağırış edərək bildirmək istəyirik ki, məsuliyyəti dərk etməli, təbiətin qorunması, mühafizə olunması üçün əlimizdən gələn kiçik köməyi belə əsirgəməməliyik".
Səyyarə Məmmədova bu il keçirilən təmizlik aksiyaları müddətində təbiət ərazilərindən 110 tondan çox tullantının toplandığını da diqqətə çatdırıb.
Aksiya iştirakçısı, Avropa Azərbaycan məktəbinin 10-cu sinif şagirdi Aylin Abdullazadə dənizi sevdiyini və yay aylarında tez-tez sahildə istirahət etdiyini deyib.
"Dəniz mövsümünün bitməsindən sonra gördüyümüz mənzərə heç də xoş deyil. Vətəndaşlar dənizə, istirahət etdikləri təbiət ərazilərinə qarşı bu qədər laqeyd olmamalı, daha dostyana münasibət bəsləməlidirlər. Yay aylarında doğmalarımla, dostlarımla tez-tez Xəzərin sahilində dincəlirəm. Biz istirahət zamanı yaranan tullantıları özümüzlə geri aparır və ayrılmış poliqonlara atırıq. Hər birimiz öz hərəkətlərimizlə azyaşlılara örnək olmalı onlara təbiətə qarşı daha həssas olmağı, onu sevməyi, çirkləndirməməyi öyrətməliyik", - deyə aksiya iştirakçısı fikirlərinə yekun vurub.