ELM VƏ TƏHSİL
UNEC dekanları öz tələbələrilə birlikdədir
Bakı, 18 aprel, AZƏRTAC
Karantin dövründə distant təhsilin tətbiqi zamanı tələbə mühitinin qorunub saxlanılması, dekan-tələbə əlaqələrinin birbaşa davam etdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün dekanları “Facebook” üzərindən canlı yayımda tələbələrlə görüşüblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bakalavr və magistratura üzrə bütün fakültələrin dekanlarının təşkil etdikləri canlı yayımlarda tələbələri maraqlandıran suallar cavablandırılıb. Tələbələrin sualları əsasən imtahanların təşkili, sərbəst işlər, kollokviumlar, diplom işinin yazılması ilə bağlı olub. Sevindirici haldır ki, tələbələr distant dərslərin evdən təşkilində və tədrisində hər hansı problem olmadığını bildiriblər. UNEC-in mübadilə və ikili diplom proqramlarında iştirak edən və hazırda xaricdə olan tələbələrlə də əlaqə yaradılıb. Onlar durumlarının normal olduğunu deyiblər.
Canlı yayım zamanı dekanlar tələbələrin sosial durumları ilə də maraqlanıblar. Bildirilib ki, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən sosial həssas qrupa aid olan tələbələrin smart kartlarına pul vəsaitləri köçürülüb.
UNEC-də fakültələrin işinin fasiləsizliyini təmin etmək üçün virtual dekanlıq yaradılıb. Kafedra müdirləri, müəllimlər və əməkdaşlarla mütəmadi olaraq onlayn müzakirələr təşkil olunur. Fakültə katiblikləri, mentorlar müəllim və tələbələrin müraciətlərini operativ cavablandıraraq, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırırlar. Tələbələr 24/7 “Bir pəncərə” xidmətinə onlayn müraciət edərək müvafiq arayışlarla təmin olunurlar.