UNEP: Bəşəriyyəti “supermikroblar” təhdid edir

Bakı, 8 fevral, AZƏRTAC
2050-ci ilədək hər il 10 milyon insan mikrobəleyhinə preparatlara rezistentlik səbəbindən dünyasını dəyişəcək ki, bu da onkoloji xəstəliklər nəticəsində ölüm hallarının cari göstəricilərinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatının müəllifləri xəbərdarlıq edirlər.
Antibiotiklərə rezistentliyin yayılmasının əsas amillərindən biri ətraf mühitin əczaçılıq preparatları, eləcə də ikinci dərəcəli kənd təsərrüfatı istehsalı məhsulları ilə çirkləndirilməsidir. Nəticədə, bütün məlum antibiotiklərə davamlı olan bakteriyaların ştamları - dayanıqlı “supermikroblar” yaranır və yayılır.
Bu o deməkdir ki, mövcud olan tibbi preparatlar bəzi hallarda hətta “mülayim” təsvir edilən simptomlu bakterial infeksiyaların müalicəsində qeyri-effektivdir. Mikrobəleyhinə preparatlara rezistentlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən əhalinin sağlamlığına 10 ən böyük təhlükəyə aid edilib.
“Hesablamalara görə, 2019-cu ildə bütün dünyada 1,27 milyon ölüm halı dərmana davamlı infeksiyalarla, 4,95 milyon ölüm halı isə mikrobəleyhinə preparatlara bakterial davamlılıqla birbaşa bağlıdır”, - deyə UNEP-in mətbuat üçün məlumatında bildirilir.
Ekspertlər hesab edir ki, mikrobəleyhinə rezistentliyin yayılması ilə bağlı olan iqtisadi itkilər artıq 2030-cu ildə hər il 3,4 trilyon dollara çata bilər.
UNEP-də, həmçinin “üçqat planetar böhran”dan da söhbət açılır. Buraya temperaturun qalxması və ekstremal hava hadisələri, torpağın mikrob biomüxtəlifliyində özünü büruzə verən torpaqdan istifadədə dəyişikliklər, həmçinin ətraf mühitin kimyəvi və bioloji çirkləndirilməsi daxildir.
UNEP ekspertləri rezistentlik və ətraf mühitin çirkləndirilməsinə qarşı bir sıra mübarizə tədbirləri, o cümlədən beynəlxalq və qurumlararası əməkdaşlığın möhkəmləndirilməsi, infeksiyanın qarşısını almaq və mikrobəleyhinə preparatlara tələbatı azaltmaq məqsədilə su resurslarına idarəetmənin yaxşılaşdırılmasını tövsiyə edirlər. Onlar bu sahədə beynəlxalq standartların tətbiqini və rezistentliyə qarşı mübarizəyə daha çox vəsaitin ayrılmasını təklif edirlər.