UNİAN: Azərbaycan Xocalı soyqırımının bütün günahkarlarının sərt cəzalandırılmasını tələb edir
Kiyev, 29 fevral, AZƏRTAC
Ukrayna Müstəqil Xəbərlər İnformasiya Agentliyi (UNİAN) fevralın 29-da öz saytında “Azərbaycan Xocalı soyqırımının bütün günahkarlarının sərt cəzalandırılmasını tələb edir” sərhövhəli material yerləşdirib. Materialın yarımsərlövhəsində bu sözlər yer alıb: “Azərbaycan Respublikası Xocalı faciəsi zamanı soyqırımının bütün günahkarlarının məsuliyyətə cəlb olunmasını dünya birliyindən tələb edir”.
UNİAN xatırladır ki, hər il fevral 26-sı Azərbaycanda Hüzn Günü kimi qeyd edilir.
Materialda deyilir ki, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri, diplomatlar və ukraynalılar Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün fevralın 26-da Kiyevə toplaşıblar.
Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev çıxışında bildirib ki, hər bir xalqın həyatında elə faciəli hadisələr var ki, onları unutmaq olmaz. Xocalı faciəsinin törədildiyi 26 fevral da bizim üçün belə günlərdəndir. Təkzibolunmaz faktlar sübut edir ki, ermənilər qadınları, uşaqları və qocaları işgəncələrə və həqarətlərə məruz qoyublar, Xocalı sakinlərinə qarşı insanlıqdan kənar cinayətlər törədiblər.
N.Əliyev deyib: “Biz bu günü heç vaxt unutmamalıyıq. Biz daim mübarizə aparırıq ki, bu günü getdikcə daha çox dövlət tanısın. Bu dövlətlərin sayı ildən ilə artır”.
Diplomat belə bir məsələyə diqqəti cəlb edib ki, günahkarların və Xocalıda törədilən bu cinayəti planlaşdıranların heç biri indiyədək məsuliyyətə cəlb olunmayıb. Diplomat nitqinin sonunda deyib: “Buna görə də bizim bu terror aktının təşkilatçıları və icraçıları üçün sərt cəza tələb etmək hüququmuz var”.
Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev qanlı cinayətlərinə görə ermənilərin cəzalandırılmasının labüd olması mövzusunu davam etdirib. Azərbaycan ərazisində etnik əlamətə görə qırğının baş verdiyini, bütöv bir şəhərin hücuma məruz qaldığını vurğulayan R.Tağıyev deyib: “Biz 24 il əvvəl Azərbaycan xalqına qarşı bu dəhşətli aktı törədən yaramazları və cinayətkarları pisləyirik. Beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsə, belə cinayətlər gələcəkdə də davam edə bilər”.
Məqalədə Ukrayna Azərbaycanlı Gənclər İttifaqının rəhbəri İlhamə Allahverdiyevanın aşağıdakı fikirləri də yer alıb: “Həyasızlıq o həddə çatıb ki, Xocalı şəhərində Azərbaycan əhalisinin məhv edilməsində bilavasitə iştirak edən insanlar bu gün çox yüksək mövqelər tutublar, hətta ölkə prezidenti kürsüsündə əyləşiblər”.
N.Əliyev yekun sözündə deyib: “Qeyd etmək istəyirəm ki, ukraynalı helikopter pilotu Leonid Kravets Xocalı faciəsinin şahidlərindən biridir. Kravets dinc əhalini hərbi münaqişə zonasından çıxarmaq məqsədi ilə, demək olar, hər gün Qarabağa uçurdu. Fevralın 27-də Kravets öz həyatını riskə qoyaraq idarə etdiyi helikopterdə jurnalistləri hadisə yerinə gətirmişdi. Helikopter heyətinin igidliyi sayəsində həmin faciənin video və foto sübutları bu gün əlimizdədir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev