UNİBANK İSTİQRAZLARIN İLK ÖDƏNİŞİNİ KEÇİRMİŞ VƏ ÜÇÜNCÜ EMİSSİYANI QEYDİYYATA ALDIRMIŞDIR
Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bir istiqrazın nominal dəyəri 1 milyon manat, tədavül dövrü 180 gün və illik faiz dərəcəsi 12 faiz olmaqla, 5 min ədəd qiymətli kağız buraxılmışdı. İstiqrazlar üzrə əlavə faizlərin ümumi məbləği 300 milyon manat olmuşdur.
Azərbaycanda korporativ istiqrazların fond birjası vasitəsilə yerləşdirilməsində ilk təcrübə olan bu layihə ölkənin qiymətli kağızlar bazarının inkişafının təşviqində mühüm rol oynamışdır.
Bundan əlavə, UniBank iyulun 23-də Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 5 milyard manat məbləğində sayca üçüncü, AZ200300202P dövlət nişanlı istiqrazların emissiyasını qeydiyyata aldırmışdır. Bir istiqrazın qiyməti tədavül dövrü 360 gün və illik faiz dərəcəsi 9 faiz olmaqla 1 milyon manatdır. Onlara görə faizlər hər rüb ödəniləcəkdir. Həmin istiqrazların iyulun 28-də Bakı Fond Birjasında yerləşdirilməsi nəzərdə tutulmuşdur.
İndiyədək bank sonradan tam yerləşdirilməklə ümumi məbləği 15 milyard manat olan istiqrazların iki buraxılışını həyata keçirmişdir.