Universitet-kollec-məktəb əməkdaşlığı davam etdirilir
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Texniki Kolleci (BTK) və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin (BDRNK) subbakalavrları və Səbail, Nizami, Qobustan məktəbliləri ilə onlayn görüş keçirilib. Görüşdə universitetin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının, peşə hazırlıqlarının yaxşılaşdırılması, tədrisin keyfiyyətinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələr sahəsində görülən işlər məktəblilərin diqqətinə çatdırılıb. Görüş zamanı tələbə təşkilatlarının fəaliyyəti barədə də ətraflı məlumat verilib.
Qeyd olunub ki, AzTU-da tələbə və məzunların ixtisaslarına uyğun işlə təmin olunması, universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Ölkənin iri şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Görüş zamanı şagirdləri maraqlandıran suallar da universitet əməkdaşları tərəfindən cavablandırılıb.