Ürək-damar xəstəlikləri orqanizmdə yarada biləcəyi fəsadlara görə birinci yerdədir
Bakı, 3 dekabr, AZƏRTAC
Ürək-damar sistemi xəstəlikləri dünyada olduğu kimi, Azərbaycanda da həm rastgəlmə tezliyinə, həm də orqanizmdə yarada biləcəyi fəsadlara görə birinci yerdədir. Bu problemdən əziyyət çəkən xəstələrin mütəmadi olaraq müayinələrdən keçməsi tövsiyə olunur.
AZƏRTAC Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, bunu institutun direktoru Gülnaz Dadaşova deyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlər sayəsində ürək xəstəliklərinin müalicəsi və əməliyyatlarının bir çoxu tam ödənişsiz həyata keçirilir və nəticədə, ölüm sayının azalmasında müsbət dinamika əldə olunur.
Qeyd edilir ki, ETKİ-nin icbari tibbi sığorta ilə bağlı maarifləndirmə xarakterli tibbi aksiyaları davam edir. Aksiyalar çərçivəsində əhalinin təzyiqi, şəkəri, saturasiyası ölçülür, onlara həkim məsləhəti verilir. Müayinələrlə yanaşı əhali icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə məlumatlandırılır.