Ursula Fon der Lyayen: Enerji asılılığı rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir
Berlin, 27 avqust, AZƏRTAC
Enerji asılılığı hazırda rəqabət qabiliyyətimizi və müstəqilliyimizi məhdudlaşdıran əsas amildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Fransa Sahibkarlar Təşkilatının (MEDEF) üzvləri ilə görüşdəki çıxışında deyib.
Avropada qiymətlərin hələ də ABŞ-də, yaxud Çindəkindən iki və ya üç dəfə yüksək olduğunu qeyd edən Lyayen istifadə olunan enerjinin yarıdan çoxunun hələ də idxal olunan qazıntı yanacağından əldə edildiyini bildirib. Bu asılılığın baha başa gəldiyini vurğulayan Avropa Komissiyasının Prezidenti bildirib: “Yaxın Şərqdəki böhranın başlanmasından bəri bu asılılıq bizə artıq 50 milyard avrodan çox əlavə xərcə başa gəlib. Halbuki biz əlavə olaraq bir molekul belə enerji almamışıq”.
Lyayen buna görə də Avropanın özünün aşağıkarbonlu enerjisini istehsal etməsinin vacibliyini qeyd edərək, bərpaolunan enerji və nüvə enerjisi sayəsində elektrik enerjisinin 70 faizindən çoxunun artıq Avropadakı aşağıkarbonlu mənbələrdən istehsal olunduğunu deyib.
“Lakin elektrik enerjisinin payı hələ də yekun enerji istehlakımızın cəmi dörddəbirini təşkil edir. Buna görə də sənayemizin, nəqliyyatımızın və binalarımızın elektrikləşdirilməsini sürətləndirməliyik. Məhz bu, yenicə qəbul etdiyimiz Elektrikləşdirmə üzrə Fəaliyyət Planının əsas məqsədidir. Çünki iqtisadiyyatımızın elektrikləşdirilməsi fosil yanacaq idxalımızı azaltmaq və müstəqilliyimizi gücləndirmək deməkdir”, - deyə o bildirib.