“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın təqdimatı olacaqdır
Bakı, 21 fevral (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər keçirir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı növbəti tədbir fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəkdir.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.
Tədbirdə mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini xalqımıza, eləcə də azyaşlı uşaqlara qarşı törədilmiş qanunsuz erməni vəhşiliyi, cinayətləri barədə bir daha məlumatlandırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının təqdimatı olacaqdır.
Kitab müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real faktların və rəsmi məlumatların toplanılması əsasında hazırlanmışdır.
Bundan əlavə, kitabda işğal olunmuş rayonlar haqqında qısa məlumatlar, həlak və əlil olmuş uşaqların şəkilləri, erməni vəhşiliyinin şahidi olmuş şəxslərin ifadələri, müharibəni özündə əks etdirən həyat hekayələri və uşaqların rəsm əsərləri toplusu da yer almışdır.
Kitabın hazırlanmasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin işğal olunmuş rayonların icra hakimiyyətlərinin böyük dəstəyi olmuşdur.
Kitab Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətinə çatdırılmasında mühüm töhfə verəcəkdir.