Vaksin tapılmayana qədər sosial təcrid qaydalarına əməl etmək zəruridir
Bakı, 28 avqust, Səadət Hakıyeva, AZƏRTAC
Sevindirici haldır ki, Azərbaycan hazırda yoluxma-sağalma nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Lakin bu pozitiv dinamikanı qoruyub saxlamaq şərtdir. Xüsusilə, respirator xəstəliklərin aktivləşdiyi payız-qış mövsümünün risklərini nəzərə almalıyıq. Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olur. Bu mənada vaksin tapılmayana qədər sosial təcrid qaydalarına əməl etmək zəruridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli və qabaqlayıcı tədbirlər, vətəndaşların məsuliyyətli davranışı sayəsində müsbət nəticələr əldə edilib. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələrdəndir.
Deputat vurğulayıb ki, müsbət dinamikanı qoruyub saxlamaq məqsədilə karantin rejiminin davam etdirilməsi mütləqdir. Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə - tədris, repetitor xidmətləri və digər sahələrdə məhdudiyyətlərin aradan qaldırılması mümkün ola bilər.
“Tədrisin bərpası sanitar-epidemioloji vəziyyətlə uyğunlaşdırılmalıdır”, - deyən K.Nurullayeva vurğulayıb ki, mövcud sanitar-epidemioloji vəziyyət bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də reallıqları dəyişib. Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması təbii ki, uşaqların istər intellektinə, istərsə də mənəvi-psixoloji vəziyyətinə bu və ya digər formada təsir edib. Ümumiyyətlə, ötən tədris ilində koronavirus səbəbindən şagirdlərdə geriləmə müşahidə olunur: “Mövcud vəziyyətdən çıxış yolu, ilk növbədə, sanitar-epidemioloji vəziyyəti nəzərə almaqla adekvat addımların atılmasındadır. Məlumdur ki, yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə ümumtəhsil müəssisələrinin fəaliyyəti bərpa olunur. Ölkəmizdə də həyata keçirilən kompleks tədbirlər nəticəsində təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaranıb. Təbii ki, fəaliyyəti bərpa olunan müəssisələrdə təhlükəsizlik qaydalarının tətbiqi mütləqdir. Artıq mütəxəssislərin də söylədiyi kimi, tədrislə bağlı fərqli sxemlərin tətbiqi mümkündür. İlk növbədə, uşaqların sağlamlığının təmin olunması və virusun yayılmasının qarşısının alınması başlıca şərtdir”.
Deputat diqqətə çatdırıb ki, ərazilərin və məktəblərin xüsusiyyəti nəzərə alınmaqla təhlükəsizlik qaydaları hazırlanmalı və onların icrasına ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır. Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi də təklif olunur. Bir sözlə, ənənəvi tədrisin tətbiqi arzuolunmaz nəticələrə gətirib çıxarmamalıdır. Bunun üçün bütün qabaqlayıcı tədbirlər görülməlidir.