İDMAN
Valtteri Bottas velosiped idmanı üzrə dünya çempionatında iştirak etmək niyyətindədir
Bakı, 27 dekabr, AZƏRTAC
Formula 1 yarışlarının tanınmış pilotu Valtteri Bottasın velosipedə marağından dəfələrlə danışılıb. Onun zaman keçdikcə fiziki formanı dəstəkləyən bu əla üsula olan marağı daha da artıb: finlandiyalı ilboyu müxtəlif ölkələrin və qitələrin çınqıllı traslarında pedalları fırladır.
AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, Bottas öz rəfiqəsi, peşəkar velosipedçi Tiffani Kromvellə birgə velosiped yarışlarının təşkili ilə də məşğul olur. Yanvarın 18-dən 20-dək onun doğma Avstraliyasında, Adelaida ətrafında “RADL GRVL” adlı yarışlar keçiriləcək. Əlbəttə, Bottas özü Qran-prilər arasında fasilələrdə bu cür yürüşlərdə iştirak edir və yeri gəlmişkən, peşəkarlarla mübarizə aparmasına baxmayaraq, heç də pis nəticələr göstərmir.
Lakin o, 2024-cü ildə qarşısına daha ciddi məqsəd qoyub.
“Mən təsnifatı keçməyə çalışıram ki, çınqıl velosiped yarışları üzrə dünya çempionatında iştirak hüququ alım”, - deyə velosiped idmanına həsr olunmuş “Bobby & Jens” podkastında iştirak edən Bottas bildirir. Əlbəttə, söhbət yalnız ayrı-ayrı mərhələlərdən gedir. Valtteri artıq Belçikada gələn il oktyabrın 5-6-da keçiriləcək velosiped yarışlarının startına çıxmağı planlaşdırıb.
“UCI Gravel World Championship” çempionatında müxtəlif yaş kateqoriyalarında olan idmançılar iştirak edir. Gələn ilin avqustunda Bottasın 35 yaşı tamam olur, əgər o, seçmə mərhələsini uğurla adlayarsa, o halda “35-39 yaş” qrupunda çıxış edə bilər.