Vaqif Şirinov: Ümid edirəm ki, Avropa çempionatından Vətənə medallarla dönəcəyik
Bakı, 25 fevral, Leyla Qurbanova, AZƏRTAC
Rusiyanın Vladiqafqaz şəhərində 19-22 yaşlı kişilər arasında boks üzrə Avropa çempionatı keçiriləcək. Yığma komandamız çempionata hazırlıq məqsədilə Vladiqafqazda təlim-məşq toplanışı keçir.
Boks üzrə milli komandamızın baş məşqçisi Vaqif Şirinov AZƏRTAC-a məxsusi müsahibəsində yığmamızın hazırlığı barədə məlumat verib. O qeyd edib ki, yığma komandanın hazırlığı qənaətbəxşdir.
“Əsas məqsəd potensialımızdan maksimum yararlanmaqdır. Gənc boksçularımız arasında təcrübəli idmançılar var. Onlar rəqibləri ilə layiqli mübarizə aparmaq gücünə malikdirlər. Ümumiyyətlə boks Azərbaycanda inkişaf etmiş idman növlərindən biridir. Ümid edirəm ki, Avropa çempionatından Vətənə medallarla dönəcəyik”, - deyə baş məşqçi əlavə edib.
Baş məşqçi bu il komandamızın iştirak etdiyi yarışlar barədə də danışıb: “Bundan əvvəl millimiz Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Boks Federasiyasının turnirində gücünü sınayıb. Həmin turnirdə 40-dan çox ölkənin nümayəndələri iştirak edirdi. Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev üçüncü sınağında amerikalı Riçard Torresə uduzduğu üçün bürünc medalla kifayətlənib. Beynəlxalq turnirdən əvvəl isə yığmamız Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə rəsmi yarışlara hazırlıq çərçivəsində 2 yoldaşlıq görüşündə gücünü yoxlayıb. Komandamız ilk qarşılaşmasında Qafqaz ölkələrinin yığması (Rusiya-2) ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:5 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra “Rusiya-1” komandası ilə qüvvəsini sınayan millimiz 4:6 hesabı ilə məğlub olub. Komandamız ümumi hesabda turniri ikinci pillədə başa vurub”.
Qeyd edək ki, Avropa çempionatı martın 7-də start götürəcək və 18-dək davam edəcək.