MƏDƏNİYYƏT
Vaqif Təhməzov: Beynəlxalq Muğam Festivalında ölkəmizi layiqincə təmsil etməyə çalışacağam
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə birinci kursda oxuyuram. İxtisas müəllimim Ramiz Əzizov, muğam müəllimim isə Xalq artisti Elçin Həşimovdur. Müsabiqəyə qatılmağımda Elçin müəllimim böyük zəhməti olub. Onun çəkdiyi əmək hədər getmədi, mən var qüvvəmlə müəllimimin ümidini doğrultmağa çalışdım və buna da nail oldum. Biz birlikdə bu müsabiqəyə böyük zaman ayırdıq, xüsusi hazırlaşdıq. Müsabiqə çox böyük rəqabətlə keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Muğam Müsabiqəsinin instrumental ifaçılıq kateqoriyası üzrə qalibi Vaqif Təhməzov deyib.
“Müsabiqədə “Tar sədası” adlı kompozisiya, “Xaric segah” muğamı və “Rəqs” kompozisiyasını ifa etdim. İlk dəfədir ki, belə mötəbər müsabiqədə iştirak edirəm. Ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında da layiqincə təmsil etməyə çalışacağam.
Gələcəkdə Azərbaycan tarında dünyanın böyük salonlarında ifa etmək niyyətindəyəm. Bu məqsədimə çatmaq üçün bundan sonra da böyük səylə çalışacağam”,- deyə müsabiqənin qalibi söyləyib.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.