Vəkillər Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstərəcəklər
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Kollegiyanın sədri Anar Bağırov iclasda çıxış edərək Xocalı soyqırımı qurbanlarının ailələrinə Vəkillər Kollegiyasının üzvləri tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarıldığını bildirib.
Bu barədə qərar yekdilliklə qəbul edilib.
Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, vəkilliyə qəbulla bağlı hazırkı vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi barədə görülən işlər barədə iclas iştirakçılarına məlumat verib.
İclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə, Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının və vəkil qurumlarının inzibati binalarında, fərdi qaydada və ya vəkil kabinetlərində fəaliyyət göstərən vəkillərin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarının təsdiq edilməsi məsələlərinə baxılıb. Bundan başqa, Vəkillər Kollegiyasına aid əmlakın, möhürlərin və vəkillik fəaliyyəti ilə bağlı digər sənədlərin təhvil-təslimi üçün təhvil-təslim komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Kərimov Fəxri fərmanla təltif olunub.
İclasda cari məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.