Velosiped idmanı üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
Quba, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 5-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə velosiped idmanının şose növündə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çempionatın birinci mərhələsində idmançılar Quba rayonunun Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.
Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 kilometr, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 kilometr məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov birinci, Nihad Xudoyev ikinci, Tamerlan Musayev üçüncü yerə layiq görülüblər.
2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev qızıl, Cavid Baxşıyev gümüş, Ümid İsmayılov bürünc medal qazanıblar.
İdmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən qrup ötüşməsində, oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.