Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş şahmat turnirinə başlanılıb
Bakı, 21 aprel, AZƏRTAC
Aprel ayının 21-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş 13-cü ənənəvi şahmat turnirinə başlanılıb. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.
Nazirliyin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb.
O, qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində ümummilli lider idmanın inkişafına daim böyük qayğı göstərib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, güclü şahmat məktəbi yaradılıb. Çox keçməyib ki, şahmatçılarımızın beynəlxalq turnirlərdəki bir-birindən uğurlu çıxışları ilə şahmat həvəskarlarını sevindirməyə başlayıblar. Bu proses bu gün də davam edir və şahmatın inkişafı ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir.
“Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı üçün Dövlət Proqramı qəbul olunub və dövlət başçısı İlham Əliyev şahmatın inkişafına xüsusi diqqət yetirir. Ölkəmiz 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil edib və FIDE-nin yekdil qərarı ilə həmin Olimpiada tarixdə ən yüksək səviyyədə təşkil olunan şahmat olimpiya oyunları kimi dəyərləndirilib”.
Sonda S.Ələkbərov Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turnirinin vergi xidməti əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və onların intellektual potensialının nümayiş etdirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Nazirliyin müxtəlif struktur bölmələrindən 48 əməkdaşın iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir mayın 5-də başa çatacaq.