İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, yaxın vaxtlarda ölkə ərazisində taksi xidməti göstərən avtomobillərdə elektron taksometrlərin tətbiqi nəzərdə tutulur. Lakin bununla əlaqədar mətbuatda yayılan bəzi informasiyalar bu tədbirin mahiyyəti barədə ictimaiyyətdə yanlış təsəvvür yaradır.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, taksometrlərin xaricdə istehsal olunacağı, yaxud inhisar şəraitində ölkəyə gətiriləcəyi və ya onların məcburi satışının kommersiya xarakteri daşıdığı barədə yayılan informasiya əsassızdır. Belə ki, taksometrlər yalnız ölkədə istehsal olunacaq və onların ilk modelini Vergilər və Maliyyə nazirliklərinin mütəxəssisləri bəyənmişlər. “YK-TAX 01” markalı həmin taksometr Bakı hesablayan elektron maşınlar zavodunda istehsal olunacaqdır. Zavod indiyədək 200 ədəd taksometr hazırlayıb və bu ay onların tətbiqinə başlanacaqdır.
Taksometrlərin istehsalında inhisara şərait yaratmamaq üçün bu işə digər maraqlı qurumlar da cəlb olunur. Vergilər Nazirliyinin texniki tələbləri əsasında Azərbaycan Cihazqayıranlar Cəmiyyəti də “STAYER - 01 F” markalı taksometrin ilk modelini hazırlamışdır.
Hər iki model üzrə taksometrlərin nəzərdə tutulan ilkin satış qiyməti (ƏDV-siz) müvafiq olaraq 130 və 135 dollar həddində müəyyən edilmişdir. Hazırda həmin məbləği endirmək üçün müvafiq iş aparılır. Taksometrlərin kredit yolu ilə (6 və ya 8 aya) satışı nəzərdə tutulmuşdur. Taksometrlərin tətbiqi taksi xidməti göstərən hüquqi və fiziki şəxslərin hesabına həyata keçiriləcəkdir. Cihazların satışı, quraşdırılması və servis xidmətinin təşkili ilə istehsalçı müəssisələr məşğul olacaqdır.
Yaxın perspektivdə Vergilər Nazirliyi sərnişin daşımaları ilə məşğul olan bütün avtobuslarda (tutumundan asılı olmayaraq) xüsusi sayğacların tətbiqini də reallaşdıracaqdır. Belə sayğaclar avtobusa daxil olan sərnişinlərin sayını avtomatik qeydə ala biləcəkdir.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, sayğacların tətbiqindən sonra sərnişin nəqliyyatında vergi yükünün artırılacağı barədə yayılan məlumatlar yanlışdır. Sayğacların tətbiqindən məqsəd sərnişin nəqliyyatında nağd hesablaşmaların aparılması qaydalarını və vergidən yayılma hallarına qarşı dövlət nəzarətini təkmilləşdirməkdir. Eyni zamanda, sayğacların tətbiqi nəticəsində “gündəlik plan”la əlaqədar problemlər aradan qaldırılacaq, mövcud vergi və ödəmələr real xidmət və ya gəlirlər əsasında həyata keçiriləcəkdir.