İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Ölkəmizdə bazar münasibətlərinin inkişafı dərinləşdikcə iqtisadi subyektlərin sahibkarlıq fəaliyyəti də genişlənməkdədir. Təəssüf ki, yeni sahibkarlarımız arasında insanların sağlamlığının təhlükəyə qoyulması bahasına pul qazanmaq istəyənlərə də rast gəlinir. Görülən çoxsaylı tədbirlərə baxmayaraq, keyfiyyətsiz məhsul istehsal edən və əhaliyə vaxtı keçmiş mallar satmağa çalışan işbazlar hələ də aşkar olunmaqda davam edir.
Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsi əməkdaşlarının yanvarın 23-də keçirdikləri reydlər zamanı Bakı şəhərinin, Nəsimi rayonunda, Tağızadə küçəsi, 29 ünvanında yerləşən “İsgəndər-Qida” firmasına məxsus sexlərdə külli miqdarda vaxtı ötmüş ərzaq məhsulları aşkar edilmiş, o cümlədən bir sıra məmulatların keyfiyyətsiz istehsal edildiyi müəyyən olunmuşdur.
Firmanın anbarlarında Türkiyə istehsalı olan, hər birində 15 kq olmaqla 70 yeşik “PROSES” yağları, Almaniya istehsalı olan külli miqdarda 250 qramlıq vaxtı ötmüş “MEGGLE” yağları və eyni çəkidə şokoladlı nehrə yağı, yenə də üzərində vaxtı ötmüş tarixlə, tərkibi bəlli olmayan cem və ya ceməoxşar məhsullar aşkarlanmışdır. Reyd zamanı həmçinin iri vannalarda tərkibi müəyyənləşdirilməkdə olan bulanıq sularda pendirlərin saxlandığı, güclü antisanitariya şəraitində xama və yağ məhsulları istehsal edildiyi bəlli olunmuşdur.
Aparılan ilkin araşdırmalar göstərir ki, “İsgəndər - Qida” firmasında aşkar edilmiş ərzaq məhsulları əhalinin həyat və sağlamlığı üçün təhlükə törədici qabiliyyətə malikdir. Təəssüf ki, bu məhsulların bir qismi artıq ticarət şəbəkəsinə yayımlanmışdır. Vergilər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, ticarət şəbəkələrindən sözügedən məhsulları əldə edərkən diqqətli olsunlar, məhsulların üzərində onların istifadə müddətini mütləq nəzərdən keçirsinlər. Vaxtı ötmüş və keyfiyyətsiz məhsulların ticarət şəbəkələrindən məhkəmənin müvafiq qərarı verilənədək müvəqqəti saxlaca götürülməsi istiqamətində tədbirlər davam edir.