VERGİLƏR NAZİRLİYİNDƏ İRİ VERGİ ÖDƏYİCİLƏRİ İLƏ İŞ SAHƏSİNDƏ VƏZİYYƏTƏ DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Nazirliyin iri vergi ödəyiciləri ilə iş üzrə Departamentinin rəisi Sahir Məmmədxanov mətbuat konfransında çıxış edərək bildirmişdir ki, hazırda departamentdə 405 iri vergi ödəyicisi və 245 xüsusi vergi rejimli müəssisə mərkəzləşdirilmiş qaydada uçota alınmışdır. Bu vergi ödəyicilərinin 37 faizini dövlət müəssisələri, 17 faizini yerli özəl müəssisələr, 46 faizini isə tam xarici investisiyalı müəssisələr, xarici hüquqi şəxslərin nümayəndəlikləri və birgə mülkiyyətə məxsus müəssisələr təşkil edir.
Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 572,2 milyon manat proqnoza qarşı 678,1 milyon manat vergi daxilolmalarının ödənilməsi təmin edilmiş, proqnozlara 118,5 faiz əməl olunmuşdur.
Dövlət Neft Şirkətinin vergi daxilolmaları barədə məlumat verən departament rəisi demişdir ki, ARDNŞ-in vergi daxilolmalarında ümumi payı bu ilin 4 ayı üzrə 30,2 faizə düşmüşdür. Cari ilin yanvar-aprel aylarında Neft Şirkətindən dövlət büdcəsinə 229,9 milyon manat, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 89,7 milyon manat (41faiz) çox vergi daxil olmuşdur. Şirkətin vergi borcları ilin əvvəlinə nisbətən 150 milyon manat azalmışdır. Həmçinin digər iri vergi tədiyəçilərindən də dövlət büdcəsinə daxilolmalarda artım qeydə alınmışdır.
Departamentin rəisi S.Məmmədxanov diqqətə çatdırmışdır ki, “Azəri-Çıraq-Günəşli” neft yataqlarının birgə işlənilməsində iştirak edən podratçı şirkətlər artıq 2005-ci ilin yekununa görə mənfəətə çıxmışlar və indiyədək dövlət büdcəsinə ümumilikdə 213,0 milyon manat, o cümlədən 2005-ci ilin yekununa görə 93,8 milyon manat mənfəət vergisi ödəmişlər. Bu ilin sonunadək həmin şirkətlər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 400 milyon manatdan artıq mənfəət vergisinin ödəniləcəyi gözlənilir.
Mətbuat konfransında, həmçinin vergi cinayətləri sahəsində mübarizə tədbirləri barədə də danışılmışdır. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Nurəli Məmmədov görülən işlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə iştirak edən mətbuat nümayəndələrinin «Barmek Azərbaycan» şirkətinin vergi ödəmələri ilə bağlı suallarının cavabında bildirilmişdir ki, Vergilər Nazirliyi şirkətin təqdim etdiyi hesabat sənədlərinə əsasən 2001-2004-cü illər üzrə yoxlamalar keçirmiş və müvafiq vergilərin hesablanması barədə qərar qəbul etmişdir. Hesablanmış vergi öhdəliklərinin yerinə yetirilməsi şirkət tərəfindən təmin edilmişdir və artıq may ayından şirkətin bank hesablarından sərəncamlar götürülmüşdür.
N.Məmmədov bildirmişdir ki, «Barmek Azərbaycan» şirkətinin yoxlama aktından verdiyi apelyasiya şikayəti İqtisad Məhkəməsi tərəfindən təmin edilməmişdir.
Mətbuat konfransında jurnalistlərin digər sualları da cavablandırılmışdır.