VERGİLƏRİ BÜDCƏYƏ ÖDƏMƏKDƏN YAYINDIRMAQLA DÖVLƏTƏ KÜLLİ MİQDARDA ZİYAN VURMUŞ ŞƏXSLƏR İSTİNTAQA CƏLB EDİLMİŞLƏR
İstintaq zamanı müəyyən olunmuşdur ki, “Atlantis” MMC faktiki olaraq Lalə Arif qızı Əsgərova tərəfindən təsis edilmiş və həmin təşkilatın direktor vəzifəsinə 2002-ci il oktyabrın 6-da Azərbaycan Respublikasının ərazisini tərk etməsinə baxmayaraq Dana Vladimirovna Qəmbərova təyin edilmişdir.
Bundan başqa, Lalə Əsgərova tərəfindən 1991-ci ildə avtomobil qəzasında vəfat etmiş Poruz Xudan oğlu Abbasovun, 2002-ci ildən həbsdə olan Əfqan Vaqif oğlu Alışovun, pasportunu 2000-ci ildə itirmiş Fuad Faiq oğlu Həsənovun adlarına 2004-cü ildə 20-dək müxtəlif adlı təşkilatlar təsis edilmiş, həmin təşkilatlar 17 saylı notariat kontorunun saxta möhüründən və ştampından istifadə etməklə ədliyyə və vergi orqanlarında qeydiyyata alınmışdır. Bu təşkilatlar üçün bir neçə bankda bank hesabları açılaraq 2004-2005-ci illərdə milyardlarla manat (denominasiya olunmamış manat nəzərdə tutulur) məbləğində dövriyyə əməliyyatları həyata keçirilmişdir.
Aparılan istintaq zamanı, həmçinin müəyyən olunmuşdur ki, Bakı Şəhər Vergilər Departamentinin 2 saylı filialının bəyannamələr şöbəsinin sabiq rəisi Rövşən Fərman oğlu Bayramov əvvəlcədən əlbir olduğu Lalə Əsgərovadan saxta üsulla təsis olunmuş təşkilatların imzalanmış, möhürlənmiş, lakin yazılmamış ciddi hesabat sənədlərini alıb qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, özü tərəfindən həyata keçirilmiş alqı-satqı əməliyyatlarının sənədləşdirilməsi üçün istifadə etmişdir.
Bundan başqa, Rövşən Bayramov tərəfindən qonşusu və sürücüsü Elbrus Vahid oğlu Hacıyevin adına təsis olunmuş “Kompleks-N” LTD firmasına direktor vəzifəsinə tanışı Anar Sabir oğlu Məhərrəmovu təyin etməklə, 2003-cü ildə həyata keçirdiyi alqı-satqı əməliyyatlarının 18 milyard manat məbləğində olan hissəsi sənədləşdirilmişdir. Rövşən Bayramov yuxarıda qeyd olunan saxta təşkilatlarda həmin tanışını xəzinədar vəzifəsinə təyin etməklə apardığı bank əməliyyatlarını onun vasitəsilə həyata keçirmişdir.
İstintaqın təkzibolunmaz materialları ilə sübuta yetirilmişdir ki, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini, əvvəllər məhkum olunmamış, ali təhsilli BVD-nin 2 saylı filialının bəyannamələr şöbəsinin sabiq rəisi Rövşən Bayramov 2003-cü il oktyabrın 1-dən 2005-ci il iyunun 1-dək vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 14,1 milyard manat (denominasiya olunmamış) məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqla dövlətə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, bir qrup şəxslə qabaqcadan əlbir olaraq Lalə Əsgərovadan aldığı “Turan-A”, “Qlobal-A”, “Viktoriya-A”, “Merkuri-S”, “Yüksəl” “Kontinental-A” və “Atlantis” firmalarının 14,1 milyard (denominasiya olunmamış) manat məbləğində ƏDV əvəzləşdirilməsinə hüquq verən rəsmi sənədlərini saxtalaşdırmış və bunlardan bilərəkdən istifadə etmişdir.
Həmin əməlləri ilə Rövşən Bayramov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.1-ci, 213.2.1-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, həmin əməllərə görə 2006-cı il iyunun 28-də təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Xətai Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətin digər təşkilatçılarının ifşa olunması istiqamətində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaq aparılır.