CƏMİYYƏT
Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının bir qrup üzvü ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Milli Ordusunun əsgər və zabitlərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqətçəkən polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən şanlı Zəfərin tarixi əhəmiyyətindən, xalq-dövlət-ordu birliyinin zəruriliyindən bəhs edib. Qeyd olunub ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli və həmin qüvvələrin, onların məkrli məqsədlərinin ifşası prosesində fəal iştirak etməlidirlər.
"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov və başqaları bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər.
Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.