Vətən müharibəsi qaziləri ilə görüşlər davam etdirilir
Bakı, 27 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası ilə birgə təşkil olunmuş Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər mayın 27-də Xəzər Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, qəsəbənin ictimai fəallarının iştirakı ilə rayonun Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrində davam etdirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə qaziləri maraqlandıran suallar cavablandırılıb, onların müraciətləri aidiyyəti qurum və təşkilatların diqqətinə çatdırılması üçün qeydə alınıb.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilər Vətənimizin keşiyində durmağa daim hazır olduqlarını bildiriblər. Qazilər maraqlı görüş üçün bu layihədə zəhməti keçən hər kəsə təşəkkür ifadə edib, göstərilən dəstəyin onlar üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Layihənin təşkilatçıları bu cür görüşlərin mütəmadi qaydada keçiriləcəyini qeyd ediblər.
Xəzər rayonunda yaşayan bütün qazilərimizlə həftə ərzində belə görüşlərin keçirilməsi planlaşdırılır. Layihənin respublikamızın bütün bölgələrində yaşayan qaziləri əhatə etməsi nəzərdə tutulub.