Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təqdim olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Radif Mustafayev 1978-ci ildə Lənkəran rayonunda anadan olub. O, 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb, sonra BDU-nun Sosial elmlər və psixologiya fakültəsində sosial fəlsəfə ixtisası üzrə magistr dərəcəsi alıb.
R.Mustafayev 2006-2007-ci illərdə leytenant rütbəsi ilə motoatıcı taqım komandiri olaraq hərbi xidmət keçib və baş leytenant hərbi rütbəsində ehtiyata buraxılıb. O, 2008-ci ildən elmi fəaliyyətini davam etdirib, dissertasiya müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, ona 2018-ci ildə dosent elmi adı verilib.
Radif Mustafayev 2020-ci ildə Vətən müharibəsində iştirak edib, medallarla təltif olunub. O, hazırda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisidir.