VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Nəriman Nərimanovdan 82,441 qram, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini Dilavər Orucovdan 0,165 qram və Telman Bağırovdan 0,174 qram heroin götürmüşlər.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Əli Məmmədovun və Afət Şirinovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Aşağı Cürəli kəndi ərazisində 2,5 kiloqram həşişi gizlətmələri aşkar olunmuşdur.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Pirsaat qəsəbə
sakini Hüseynbala Dadaşovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 154,2 qram olan 14 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı 654,7 qram marixuana, 3,48 qram həşiş və 33,75 qram kənaf bitkisi aşkar edilərək götürülmüşdür.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İntiqam Qasımovdan 6,22 qram marixuana götürülmüşdür. Ona narkotik vasitəni satmış Gəray Abbasov tutulmuş, idarə etdiyi “VAZ-2107” markalı avtomaşına baxış zamanı 7,13 qram marixuana aşkar edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.