VII ƏNƏNƏVİ BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” BAKI KİNOFESTİVALINA
Sizi – VII Ənənəvi Beynəlxalq “Şərq-Qərb” Bakı kinofestivalının iştirakçılarını səmimi qəlbdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.
Sizin festivalınız Azərbaycan üçün əlamətdar bir dövrə təsadüf edir. Yaxın zamanlarda biz hamımız regionumuzun iqtisadi inkişafına böyük təsir göstərən mühüm bir hadisənin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinin şahidi olacağıq. Əminəm ki, bu layihənin reallaşması həyatımızın bütün sahələrinin inkişafına güclü təkan verəcəkdir.
Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlər, respublikamızda gedən quruculuq işləri, hər yerdə özünü büruzə verən müsbət dəyişikliklər həqiqətən ölkəmizin Şərqlə Qərb arasında mötəbər iqtisadi körpü olduğunu sübut edir. Sevindirici haldır ki, bu iqtisadi əlaqələrlə yanaşı, kino xadimlərinin də Şərqlə Qərb arasında əməkdaşlığı müvəffəqiyyətlə həyata keçirilir. Ümidvaram ki, bu festival həm kino həvəskarlarına, həm də müxtəlif ölkələrdən paytaxtımıza qonaq gəlmiş kino xadimlərinə xoş təəssürat bəxş edəcəkdir.
Sizin hamınıza cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 oktyabr 2005-ci il.